Aqrar Sığorta Fondu taxıl əkini ilə məşğul olan fermerlərə müraciət edib. Bu barədə 18 oktyabr tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Müraciətdə bildirilir ki, mövcud qanunvericiliyə əsasən, 10 hektar və daha çox sahədə payızlıq əkin aparan fermerlər subsidiya almaq üçün öz sahələrini sığortalamalıdırlar.
Fermerlər əkinlərini Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS-də) bəyan etdirdikdən sonra aqrar sığorta üçün müraciət etməlidirlər. Bu barədə onların EKTİS-də qeydiyyata düşən əlaqə nömrəsinə Aqrar Sığorta Fondu tərəfindən SMS göndərilir.
Ümumilikdə bu günədək ölkə üzrə əkinə yararlı sahələrin 23%-i Aqrar Sığorta Fondu tərəfindən sığortalanıb. Sığortalanan 450 min hektara yaxın əkin sahəsinin 370 min hektarını buğda və arpa sahələri təşkil edir.
2021/2022-ci il əkin mövsümündə bitkiçilik üzrə toplanan sığorta haqqının məbləği 11 milyon 500 manatı ötüb. Aqrar Sığorta Fondu tərəfindən baş verən sığorta hadisələri ilə bağlı ilin sonunadək 3 milyon manat zərər ödənişlərinin edilməsi gözlənilir.