Bu il əlilliyi olan Peşə-əmək Reabilitasiyası Mərkəzinə 200-ə yaxın şəxs qəbul olunub. Bu barədə 14 may tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.
Məlumata əsasən, sözügedən Mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Buraya qəbul olunan şəxslərə kompüter istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşbaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.
Qeyd olunub ki, kursları uğurla bitirənlərə peşə şəhadətnamələri təqdim olunur və onların gələcək məşğulluğuna dəstək göstərilir.