Paytaxtın Nərimanov rayonunda yerləşən “Buta” klinikasının fəaliyyəti yanğın təhlükəsizliyi sahəsində aşkarlanan nöqsanlara görə məhdudlaşdırılıb. Bu barədə iyunun 24-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, Y.Bakuvi küçəsi, 18 ünvanında yerləşən klinikada:
- yanğınların söndürülməsi üçün normaya uyğun yanğın su hovuzu inşa edilməyib;
- yanğın təhlükəsizliyi qaydalarına zidd olaraq oksigen balonlarının saxlanılmasına yol verilir;
- insanların yanğın hadisəsi haqqında xəbərdar edilməsi üçün xəbərverici qurğular quraşdırılmayıb;
- obyekt ilkin yanğınsöndürmə alət və vasitələri ilə tam təmin olunmayıb;
- yanğına qarşı sistem və qurğular nasaz vəziyyətdədir;
- təxliyə çıxışları tikinti-layihə normalarının tələblərinə uyğun quraşdırılmayıb.
Qeyd olunanları nəzərə alaraq klinikanın cərrahiyyə, təsərrüfat otaqlarında, habelə yeməkxanada işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qərar qəbul olunub.