İyunun 19-da dövlət qulluğunda BA və BB qruplarına uyğun olan vəzifələr üzrə imtahanlar keçiriləcək. Bu haqda Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
3 saat davam edəcək imtahan saat 11:00-da başlanacaq.
Qiymətləndirmədə iştirak etmək üçün namizədlər DİM-in saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Həmçinin saytda “Namizədin yaddaş kitabçası” təqdim olunur. Kitabçada imtahan prosesi ilə bağlı tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar qeyd olunur.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini, buraxılış vərəqəsini və sağlamlıq haqqında bəyannaməni gətirməlidirlər.