Dünən, iyunun 19-da İspaniyanın paytaxtı Madrid şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirinin 3-cü turunun oyunları keçirilib. Teymur Rəcəbov ağ fiqurlarla turnirin son qalibi rusiyalı Yan Nepomnyaşiyə qarşı heç-heçə oynayıb.
Turnirin digər oyunlarında da qaliblər müəyyənləşməyib. Bu gün turnirdə istirahət günüdür. İyunun 21-də keçiriləcək 4-cü turda Rəcəbov qara fiqurlarla Dudaya qarşı oynayacaq.
Qeyd edək ki, turnir iyulun 4-dək davam edəcək. Turnirin mükafat fondu 500 min avrodur. Qalib idmançı şahmat tacı uğrunda görüşdə dünya çempionu Maqnus Karlsenlə qarşılaşmaq hüququ əldə edəcək.