İyunun 26-da Kəlbəcər rayonunda yeni tikilmiş 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışı olub. Bu barədə 27 iyun tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Məlumata əsasən, Lev çayı üzərində inşa olunan stansiya işğaldan azad edildikdən sonra Kəlbəcərdə tikilərək istismara verilən ilk enerji istehsalı obyektidir.
Bildirilib ki, “Yaşıl enerji zonası” konsepsiyasına uyğun olaraq, ekoloji cəhətdən təmiz enerji istehsal edəcək “Kəlbəcər-1” KSES-də maşın zalı tikilib, yeni aqreqat, generator, idarəetmə panelləri və transformatorlar quraşdırılıb.
Qeyd olunub ki, işğaldan azad edilən ərazilərin “yaşıl enerji zonası” layihəsi çərçivəsində ümumi gücü 20 meqavat olan “Güləbird”, “Suqovuşan-1”, “Suqovuşan-2” və “Kəlbəcər-1” Kiçik Su Elektrik stansiyaları tikilib istifadəyə verilib.