Dünən, iyunun 2-də Norveçin Stavanger şəhərində keçirilən şahmat üzrə Norway Chess turnirinin üçüncü turunun oyunları keçirilib.
Şəhriyar Məmmədyarov armageddonda bolqar şahmatçı Veselin Topalovu udaraq 1,5 xal qazanıb. Teymur Rəcəbov isə hazırkı dünya çempionu Maqnus Karlsenə məğlub olub. Üç turdan sonra 4 xal toplayan Şəhriyar 6-cı, 1,5 xal toplayan Teymur isə sonuncu yerdə qərarlaşıb. Bu gün Rəcəbov ağ fiqurlarla Vaşye-Laqrava qarşı, Məmmədyarov isə qara fiqurlarla Van Haoya qarşı oynayacaq.
Qeyd edək ki, sözügedən turnirin son qalibi Maqnus Karlsendir. Turnirdə əsas oyunda qalib idmançıya 3 xal verilir. Heç-heçə olan halda aralarında armageddon oynanılır. Burada qalib idmançıya 1,5, məğlub olana isə 1 xal verilir. Yarışın ümumi mükafat fondu 2,5 milyon Norveç kronudur (təxminən 265 min dollar). Qalib idmançı 750 min kron (təxminən 80 min dollar) qazanacaq.