Ötən gün əsən güclü külək Ordubad rayonunun bir sıra yaşayış məntəqələrində ciddi fəsadlara səbəb olub. Bu haqda iyunun 7-də APA xəbər yayıb.
Fəsadlar, əsasən, Ordubad şəhəri və rayonun Aşağı Əndəmic, Yuxarı Əndəmic, Kotam, Dəstə, Parağa, Gənzə, Nüsnüs, Aşağı Əylis və Yuxarı Əylis kəndlərində və Şəhriyar qəsəbəsində qeydə alınıb.
Küləyin təsirindən 68 iri gövdəli ağac aşıb, 114 ağaca ziyan dəyib. Qasırğa 91 yaşayış evinin və 2 yaşayış binasının dam örtüyünə ciddi ziyan vurub.
40 işıqlandırma dirəyinin aşması nəticəsində Ordubad şəhəri ərazisinə və bir sıra kəndlərə enerjinin verilişində fasilələr yaranıb. Küləyin təsirindən aşan ağaclar 10 yerdə qaz xəttinə ziyan vurub.
Hazırda dəymiş ziyanın dəqiqləşdirilməsi və aradan qaldırılması istiqamətində iş aparılır.