Polisə müqavimət göstərən “KamAZ” sürücüsü saxlanılıb. Bu barədə iyulun 4-də Daxili İşlər Nazirliyinə istinadən Oxu.az məlumat yayıb.
Sürücü Vüsal Həsənovun nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarını bilərəkdən gizlətməsi və avtomobilin üzərində 932 manat cərimə borcunun olduğu aşkarlanıb. Nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdiriləcəyi bildirildikdə o, polis işcisinin qanuni tələbinə əməl etməyərək ərazidən uzaqlaşıb.
Bir müddət sonra Vüsal Həsənov başqa bir avtomobillə stasionar posta qayıdaraq polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədib və cərimələri ödəməyəcəyini bildirib.
Vüsal Həsənov 20 gün müddətində inzibati qaydada həbs edilib.