Mayın 24-də Şamaxı şəhərində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 7-ci toplantısı keçiriləcək. Bu barədə 20 may tarixində təşkilatın rəsmi səhifəsində məlumat verilib.
İclasda təşkilata üzv və müşahidəçi dövlətlər arasında uçuş sayının artırılması, İpək Yolu Turizminin potensialının üzə çıxarılması - bilik və təcrübə mübadiləsi, “Müasir İpək Yolu Birgə Turu”nun və “Türk Dünyası Turizm Paytaxtı” layihələrinin həyata keçirilməsi, Qış və Qolf turizmi sahəsində əməkdaşlıq, səyahət imkanlarının araşdırılması, Səyahət Agentlikləri Assosiasiyaları ilə Üzv və Müşahidəçi Dövlətlərin digər qurumları arasında əlaqələrin qurulması məsələləri müzakirə olunacaq.
Tərəflər, həmçinin, “Türk Dünyası Turizm Paytaxtı Əsasnaməsi”ni və “Türk Dövlətləri Təşkilatının Turizm Yol Xəritəsi”ni də nəzərdən keçirərək təsdiq edəcəklər.