“Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərov YAP-ın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşovdan pul alarkən saxlanılıb. Bu barədə Baş Prokurorluqdan sentyabrın 10-da məlumat verilib.
Məlumata əsasən, Mahir Ələkbərov 8 sentyabr 2021-ci il tarixində “Azadinfo.az” platformasında Ramiz Göyüşov barəsində qeyri-etik videogörüntüləri yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib. O, Ramiz Göyüşov görüşə gəlmədiyi üçün həmin videonu xəbər saytında paylaşıb. Daha sonra, Mahir Ələkbərov Ramiz Göyüşovla görüşüb və videonun səhifədən silinməsi məqsədilə ondan 2 min manat alarkən cinayət başında yaxalanıb.
Sentyabrın 9-da Mahir Ələkbərov saxlanılıb. Sentyabrın 10-da isə onun barəsində Cinayət Məcəlləsinin “hədə qorxu ilə tələb etmə” maddəsi ilə həbs qətimkan tədbiri seçilib.
Həmçinin bugün Ramiz Göyüşov sosial şəbəkələrdə pornoqrafik videosu yayıldığı üçün Yeni Azərbaycan Partiya sıralarından xaric edilib.