BP-Azərbaycan Azərbaycanda Avropa biznes ekosisteminə inteqrasiya edə biləcək milli startap potensialının yaratmasına sponsorluq edir. Bu baradə BP-Azərbaycanın rəsmi səhifəsində 9 sentyabr tarixində məlumat verilib.
Layihə bilik və potensialın yaradılması məqsədli təlimlərdən, müxtəlif dəstək və konsultasiya proqramlarından ibarətdir. Həmçinin iştirakçılara Macarıstan, Almaniya və Birləşmiş Krallıq kimi ölkələrin innovasiya ekosistemiləri ilə tanış etmək üçün təlimlər keçiriləcək.
Layihənin əsas komponenti “Avropanı kəşf et” adlı ikimodullu təlim proqramıdır. Birinci modul startap biznesi olan, şirkət rəhbərləri və ya sahibləri üçün nəzərdə tutulub. İkinci modul isə sahibkarlıq təcrübəsi olmayan, lakin startap biznesi qurmaq istəyənlər üçün təşkil olunacaq.
Yekunda ümumi olaraq 8 nəfər seçiləcək və innovasiya mərkəzləri ilə tanış olmaq üçün Avropaya səfər edəcək.
Layihə bir il müddətində davam edəcək.
BP şirkəti Azərbaycanda 28 ildir fəaliyyət göstərir. Bu vaxtadək, BP ölkədə operatorluq etdiyi layihələrə 80 milyard dollardan çox sərmayə qoyub. Azərbaycanda BP şirkətində təxminən 2400 Azərbaycan vətəndaşı işləyir.