Polis tərəfindən narkotiklərin satışı ilə məşğul olan 14 nəfər məsuliyyətə cəlb edilib və qanunsuz dövriyyədən 27 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə çıxarılıb. Bu barədə DİN avqustun 11-də məlumat yayıb.
Bərdə rayonunda narkotik vasitələrin satışını həyata keçirən və paytaxtda digər qanunazidd əməllər törədən 5 nəfərdən ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıb. Əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş şəxslərin üzərində “Vincester” markalı ov silahı, 70 qrama yaxın heroin və metamfetamin aşkar edilib.
Füzulidə qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Bir nəfər saxlanılıb. Onun əlindəki bağlamadan və yaşadığı kənddə gizlətdiyi yerdən 5 kiloqramdan artıq heroin, marixuana və 1 kiloqrama yaxın metamfetamin aşkarlanıb.
Goranboyda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan əvvələr məhkum olunmuş üç Tərtər rayon sakini tutulub. Baxış zamanı ümumi çəkisi 10 kiloqram 450 qram olan marixuana tapılıb.
Bakının Yasamal rayonunda narkotiklərin onlayn satışında şübhəli bilinən şəxs saxlanılıb. Baxış zamanı ondan 2 kiloqram 763 qram heroin, 2 kiloqram 495 qram metamfetamin, 2 kiloqram 80 qram marixuana və 44 ədəd ekstazi həbi götürülüb. O, ifadəsində etdiyi əməli etiraf edib.
Binəqədidə Cəlilabad rayon sakini saxlanılıb. Onun üzərindən və evindən 1 kiloqram 180 qram heroin, metamfetamin və elektron tərəzi aşkar edilib.
Abşeron və Nəsimi rayonlarında da narkotik satan 3 nəfər saxlanılıb. Bu şəxslərdən 1 kiloqram 775 qram metamfetamin maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Keçən il Azərbaycanda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 5 mindən çox cinayət işi qeydə alınıb. Bu, ölkədə baş vermiş qanunsuz əməllərin 20%-ni təşkil edib.