Qax rayonunda yerləşən “Bal Evi” arıçılıq təsərrüfatı “Şəhərdən Kəndə” aqroekoturizm layihəsi çərçivəsində bir sıra avadanlıqlar və əşyalarla təmin olunub. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında 22 sentyabr tarixində məlumat verilib.
Arıçılıq təsərrüfatında yenidənqurma işləri aparılıb, arı südü istehsalı ərazisi hasarlanıb, təsərrüfat sahəsi abadlaşdırılıb.
Qaxda təşkil olunan tədbirdə çıxış edən nazir İnam Kərimovun sözlərinə görə, kənd təsərrüfatı ölkənin prioritet sahələrindən biridir. Bu məqsədlə nazirlik tərəfindən regionlarda bir sıra sosial yönümlü layihələr həyata keçirilir. Onlardan biri isə kənd turizminin formalaşmasına yönəlmiş “Şəhərdən Kəndə” aqroekoturizm layihəsidir.
Tədbirin yekununda “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” layihəsi çərçivəsində təlimlərə cəlb olunmuş qadınlara sertifikatlar təqdim olunub. Layihənin məqsədi qadınların arıçılıqla məşğul olmasını stimullaşdırmaqdır.
“Şəhərdən Kəndə” layihəsinin məqsədi aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan sakinlərin məşğulluğunun artırılması və yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.
Layihədə iştirak etmək üçün bu günə qədər 200-ə yaxın aqrar sahibkar qeydiyyatdan keçib. Artıq beş təsərrüfata dəstək göstərilib. “Şəhərdən Kəndə” layihəsinə qoşulmaq və öz təsərrüfatında turistləri qəbul edərək əlavə gəlir imkanı əldə etmək istəyən şəxslər tovillage.az saytında qeydiyyatdan keçə bilərlər.