“Təmiz şəhər” ASC, Azərbaycan Beynəlxalq Bankı, "Azərsığorta" və “Azər-Türk Bank” ASC Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Bu barədə 22 sentyabr tarixində bir sıra sərəncam imzalanıb.
“Təmiz şəhər” ASC-nin müşahidə şurasının tərkibi təsdiq olunub. Qurumun hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyətinin yekunlarının 4 ay ərzində diaqnostikası aparılmalı və nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir.
Digər sərəncamla “Azər-Türk Bank”-ın və "Azərsığorta"-nın fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər bir ay müddətində hazırlanıb prezidentə təqdim edilməlidir.
Azərbaycan İnvestisiya Holdinqi 2020-ci ilin avqustun 7-də yaranıb. Qurumun yaradılmasında əsas məqsəd dövlət şirkətlərinin və müəssisələrinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətinin təkmilləşdirilməsi, investisiya proqramlarının şəffaflığının və rəqabət qabiliyyətinin artırılmasıdıdır.
Holdinqin portfelinə hal-hazırda Azərbaycan Dövlət Neft Şirkəti, Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları daxil olmaqla 17 dövlət şirkəti və müəssisəsi daxildir.