Quba və Qusar rayonlarında fermerlərlə aqrar sığorta ilə bağlı görüşlər keçirilib. Bu barədə 30 avqust tarixində Aqrar Sığorta Fondunun rəsmi saytında məlumat verilib.
Keçirilən görüşlərdə fondun nümayəndələri yerli sahibkarları aqrar sığortanın şərtləri və üstünlükləri barədə məlumatlandırıblar. Fermerlərin nəzərinə çatdırılıb ki, hazırda 14 bitki növünü və südlük inək-camışları sığortalamaq mümkündür.
Dövlət dəstəyi məqsədilə sığorta haqqının yarısını dövlət ödəyir.
Quba və Qusar rayonlarında 1000 manatlıq məhsul götürülən buğda sahəsinin hər hektarının sığortalanması fermerlərə 5,5 manata, arpa sahəsinin sığortalanması isə 7 manata başa gəlir.
Sığortanın şərtlərinə görə, əkin sahələri qasırğa, fırtına və doludan, yanğın, eləcə də 3-cü şəxslərin hərəkətlərindən sığortalanır.
Qiyməti 1000 manatdan başlayan inəklərin sığortalanması fermerə 30-47 manata başa gəlir.
Sığorta məbləğini ödəməklə fermer öz mal-qarasını yanğın, yoluxucu xəstəlik, ilan və həşarat sancmasından ölüm, vəhşi heyvanların hücumudan sığortalamış olur.
Sığorta ödənişi lazımi sənədləri təqdim edikdən sonra 7 gün ərzində ödənilir.