İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və “Ekvita” şirkətinin dəstəyi ilə “İdeyadan uğurlu biznesə” startap müsabiqəsinə start verilir. Bu barədə 9 sentyabr tarixində KOBİA-nın rəsmi səhifəsində məlumat yayılıb.
Avropa İttifaqı tərəfindən malliyyələşdirilən layihənin əsas məqsədi Azərbaycan regionları üzrə ən uğurlu startapları müəyyən etməkdir. İlk 3 yeri tutan startapçıya müvafiq olaraq 1000 manat, 700 manat və 500 manat məbləğində pul mükafatı veriləcək. Qaliblər yerli və xarici ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək. Müsabiqənin qalibləri “Startap” şəhadətnaməsi almaq üçün KOBİA-ya müraciət edə biləcəklər.
Layihədə iştirak etmək istəyən şəxslər 24 sentyabr 2021-ci il tarixinə qədər müvafiq formanı doldurmaqla müsabiqəyə qatıla bilərlər.
Müsabiqəyə 18 yaşdan 29 yaşadək, Bakı istisna olmaqla Azərbaycan regionlarında qeydiyyatda olan Azərbaycan vətəndaşları qatıla bilər.