Instagram-da leykoz xəstəliyindən əziyyət çəkən qızın şəkillərindən istifadə edilərək saxta “firuzeye_destek_olaq” profil yaradılıb və vətəndaşlardan pul yığılıb. Bu haqda oktyabrın 30-da DİN məlumat verib.
Bir vətəndaş polisə müraciət edərək bildirib ki, onun qızının şəkilləri tanımadığı şəxs tərəfindən paylaşılıb və adına pul yığılır.
DİN-in əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində müəyyən edilib ki, həmin səhifə Gəncə şəhərində yaradılıb və idarə edilir.
Saxlanılan şəxs yardım məqsədi ilə bank kartına köçürülən pulları kartdan çıxararaq nağdlaşdırıb və şəxsi istifadəsi üçün xərcləyib. Onun yaşadığı mənzilə baxış keçirilən zaman əhəmiyyət kəsb edən elektron məlumat daşıyıcıları aşkar olunaraq götürülüb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsi araşdırma aparır.