Cari ilin 10 ayı ərzində aşkarlanan narkotik vasitələrin həcmi məlum olub. Bu barədə Report 20 dekabr tarixində məlumat verib.
"Ötən 10 ay ərzində 5 tona yaxın narkotik vasitə götürülüb. Əksəriyyəti isə güclü təsirə malikdir".
Bunu Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, narkotik istifadəçilərinin 95 faizi məlumatsızlıqdan bu yola düşür. Narkotacirlər ölkəmizin ərazisindən tranzit kimi istifadə etmək istəyirlər. Dövlət isə lazım olan bütün addımları atır".
Tanrıverdi Aydınov cari ildə narkotiklə mübarizədə 212 tədbir təşkil etdiklərini söyləyib: "98 təhsil müəssisəsində bu məsələ ilə bağlı maarifləndirmə işləri aparılıb. Cəzaçəkmə müəssisələrində də belə tədbirlər həyata keçirilib. Bəzi şəxslər narkotikdən istifadə edənlər haqqında məlumat vermək istəmirlər. Amma 802 qaynar xəttinə 2900 müraciət daxil olub".