Daha 4 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bu barədə 6 dekabr tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat verib.
Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 78-ə çatıb.
“Startap” şəhadətnamələri "VR Home" MMC-nin virtual reallığa əsaslanan onlayn platforma (marketpleys), "Probill" MMC-nin daşınmaz əmlak və yaşayış komplekslərinin idarə edilməsi üçün onlayn platforma, "Blokchain Academy" MMC-nin “Blokçeyn” texnologiyaları üzrə onlayn təlim və fərdi sahibkar Eyvaz Əhmədzadənin onlayn bilik yarışması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Qeyd edək ki, mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Daha ətraflı məlumatla link vasitəsi ilə tanış olmaq olar.