Bu gündən başlayaraq mayın 21-dək ölkə ərazisində havanın yağıntılı keçəcəyi, şimşək çaxacağı, bəzi dağ çaylarından sel keçəcəyi, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Belə ki, güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə yaxınlıqdakı yüksəkliyə qalxmaq məsləhət görülür.
İldırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenlərə yaxınlaşmamaq tövsiyə edilir.