İsmayıllıda narkotacir saxlanılıb. Bu barədə 25 yanvar tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
RPŞ-nin keçirdiyi əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Mahmudov saxlanılıb.
Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan ümumi çəkisi 3 kiloqrama yaxın olan qurudulmuş marixuana, eləcə də xüsusi qulluq göstərməklə yetişdirdiyi çətənə kolları aşkar edilərək götürülüb. Aşkarlanan narkotiki satmaq məqsədində olduğu müəyyən edilib.
Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni ötən ilin yay aylarında becərdiyi narkotik tərkibli bitkilərdən əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb.