Dünən, iyunun 9-da Norveçin Stavanger şəhərində keçirilən şahmat üzrə Norway Chess turnirinin səkkizinci turunun oyunları keçirilib.
Şəhriyar Məmmədyarov sabiq dünya çempionu Vişvanatan Anand üzərində qələbə qazanıb. Teymur Rəcəbov isə Van Haodan armageddonda üstün olub. Beləliklə, səkkiz turdan sonra 14,5 xal toplayan Şəhriyar 2-ci, 6,5 xal toplayan Teymur isə 9-cu yerdədir. Bu gün keçiriləcək son turda Rəcəbov Məmmədyarova qarşı oynayacaq.
Qeyd edək ki, turnirdə əsas oyunda qalib idmançıya 3 xal verilir. Heç-heçə olan halda aralarında armageddon oynanılır. Burada qalib şahmatçıya 1,5, məğlub olana isə 1 xal verilir. Yarışın ümumi mükafat fondu 2,5 milyon Norveç kronudur (təxminən 265 min dollar). Qalib idmançı 750 min kron (təxminən 80 min dollar) qazanacaq.