Dünən, iyunun 7-də Norveçin Stavanger şəhərində keçirilən şahmat üzrə Norway Chess turnirinin yeddinci turunun oyunları keçirilib.
Şəhriyar Məmmədyarov əsas oyunda rəqibi olan Aniş Giriyə qalib gələrək 3 xal əldə edib. Digər şahmatçımız Teymur Rəcəbov isə Vişvanatan Anandla əsas oyunda heç-heçə etsə də, armageddonda məğlub olub və 1 xalla kifayətlənib. Yeddi turdan sonra 11,5 xal yığan Şəhriyar 3-cü, 5 xal yığan Teymur isə sonuncu yerdə qərarlaşıb. Bu gün turnirdə istirahət günüdür. Sabah, iyunun 9-da Məmmədyarov Anandla, Rəcəbov isə Van Hao ilə oynayacaq.
Qeyd edək ki, turnirdə əsas oyunda qalib idmançıya 3 xal verilir. Heç-heçə olan halda aralarında armageddon oynanılır. Burada qalib şahmatçıya 1,5, məğlub olana isə 1 xal verilir. Yarışın ümumi mükafat fondu 2,5 milyon Norveç kronudur (təxminən 265 min dollar). Qalib idmançı 750 min kron (təxminən 80 min dollar) qazanacaq.