Zərdab rayonunun Əlibəyli, Yediyarlı və Allahqulubağı kəndlərində uzun illərdir internetin olmaması sakinlərin narazılığına səbəb olur. Bu haqda noyabrın 16-da Report xəbər yayıb.
Onlar telefon xətlərinin olmaması və buna görə internetdən yararlana bilmədikləri üçün şikayətlənirlər. Sakinlərin sözlərinə görə, kəndlərdə internet təminatının həyata keçirilməsi üçün heç bir iş görülməyib.
Vətəndaşlar qeyd ediblər ki, övladlarının onlayn dərslərdə iştirakını təmin etmək və digər tələbatlarını ödəmək üçün məcbur baha qiymətə internet paketləri alırlar.
Məsələ ilə bağlı "Aztelekom MMC"yə müraciət olunub. Bildirilib ki, hazırda rayonun 7 kəndində yüksək sürətli fiber optik internet xətlərinin çəkilməsi işləri aparılır.
“Qeyd olunan Əlibəyli, Yediyarlı, Allahqulubağı kəndlərinə isə 2023-cü ilin ilk aylarında yüksək keyfiyyətli fiber optik internet xətləri çəkilərək sakinlərin istifadəsinə veriləcək", - deyə qurumdan əlavə edilib.