27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov həlak olmuş, digər əməkdaş Mahir İmanov isə ağır yaralanıb. Səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev əliyalın şəkildə terrorçunu zərərsizləşdirib.
Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. Hücumla əlaqədar Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb.
Törədilmiş terror aktının qarşısının alınması zamanı həyat üçün təhlükə şəraitində xidməti borcun yerinə yetirilməsinə görə Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Orxan Əsgərov (ölümündən sonra) və Mahir İmanov “Vətən uğrunda” medalları ilə təltif olunublar.