6 noyabr – Azərbaycanda Radio və Televiziya İşçilərinin Peşə Bayramı Günüdür. Bu tarix 1926-cı ildə Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılması ilə bağlıdır.
1953-cü ildə Bakı Televiziya Mərkəzinin tikintisinə başlanıb. Bu, Şərqin ilk televiziyası idi. 14 fevral 1956-cı ildə aktrisa Nəcibə Məlikova tamaşaçıları “Göstərir Bakı!” sözləri ilə salamlayıb. Həmin gün “Bəxtiyar” bədii filmi də nümayiş etdirilib.
İlk illərdə Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxırdı. Televiziya işçiləri hər gün toplaşaraq tamaşaçılara nə göstərəcəkləri haqda kollektiv surətdə qərar qəbul edirdilər.
1973-cü ildən başlayaraq əvvəlcə paytaxtda televiziya verilişləri rəngli təsvirlərlə yayımlanıb.