Bakı metrosunun “Koroğlu” stansiyasında qatarlarda gecikmə olduğu iddia edilib.

Bakuplus.az xəbər verir ki, sərnişinlər “Həzi Aslanov” stansiyası istiqamətində hərəkət edən qatarlarda 6 dəqiqə gecikmə olduğunu qeyd edərək, narazılıqlarını bildiriblər.

Məsələ ilə bağlı Bakuplus.az-a açıqlama verən “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib ki, qatarlarda texniki nasazlıq olmayıb:

“Metropoliten infrastrukturunu yoxlayan diaqnostika qatarı ay ərzində iki dəfə xəttə çıxmalıdır. Sərnişin və hərəkət təhlükəsizliyini, metropoliten infrastrukturunu çoxfunksiyalı yoxlama sistemidir. O qatar xəttə çıxanda mütləq qaydada hər bir stansiya üzrə də qeydiyyatlarını aparır. Adi qatardır. Rəngi digərlərindən fərqlənir. O qatar xəttə çıxanda nəinki “Koroğlu”, bütün stansiyaların xətlərində fərq yarana bilər. Qatarlarda texniki nasazlıq yaranmayıb. İnfrastruktur problemi də yoxdur.

O qatarın xəttə çıxmağı da həm metropoliten, həm də sərnişin üçün vacibdir. Bütün infrastrukturun yoxlanması məcburidir. İş vaxtında səhər saatlarından başlayaraq 4-5 saat xəttə olur”.

Nəzrin Vahid