Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü müddətində ödənişli məzuniyyət verilir. 70 təqvim günü doğuşdan əvvəl, 56 təqvim günü isə doğuşdan sonra verilir.
Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda isə doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.
Analıq məzuniyyəti ödənişini hesablamaq üçün bir iş gününə düşən qazanc tapılır. Bunun üçün işçinin məzuniyyətə çıxdığı dövrdən əvvəlki son 12 aydakı cəmi əmək haqqı (vergilər tutulmadan) 12 ayda olan iş günlərinin sayına bölünür. Qazancın məbləği məzuniyyət dövründəki iş günlərinin sayına vurulur. Hamiləliyə görə müavinət tam olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir.
Uşağın anadan olmasına görə birdəfəlik müavinət 200 manat təşkil edir. Uşaq doğmuş ana işləmədiyi halda və ya hər hansı bir səbəbdən uşağın anası yoxdursa müavinət işləyən ataya verilir.
Uşağa qulluğa görə verilən müavinət bir yaş yarımadək - 44 manat, bir yaş yarımdan üç yaşınadək qulluğa görə isə - 28 manatdır.
Analıq məzuniyyəti ödənişinin hesablanması kalkulyator vasitəsi ilə də mümkündür.
Məzuniyyət haqqının ödənilməsi qaydaları Azərbaycan Respublikası Əmək Məcəlləsinin 125-ci və 126-ci maddələrinə əsasən tənzimlənir.