Beyləqan rayonunda 28 yaşlı Rahib Abbaslı daşla öldürülüb. Bu barədə 17 oktyabr tarixində Report məlumat verib.
Oktyabrın 16-sı saat 23 radələrində rayon sakini, 1994-cü il təvəllüdlü Rahib Abbaslının aldığı xəsarətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu, 1991-ci il təvəllüdlü Nicat Əsədovun küçədə mübahisə zamanı daş parçası ilə Rahib Abbaslının baş nahiyəsinə xəsarət yetirməsi nəticəsində sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə şübhələr müəyyən edilib.
Faktla bağlı “qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.
Nicat Əsədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.