Ucarda quldurluq edən üç nəfər saxlanılıb. Bu barədə 8 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Araşdırmalarla onların Ucar rayon sakinləri Əbdürrəhim Məcidov, Əli İbrahimov və Zərdab rayonunda qeydiyyatda olmaqla müvəqqəti olaraq Ucar rayonunda yaşayan Elxan Əhmədov olduqları müəyyən edilib.
İlkin izahatlarında onlar törətdikləri əməli etiraf ediblər.
Məlum olub ki, saxlanılan şəxslər dekabrın 6-da axşam saatlarında rayon ərazisində yerləşən qızıl mağazalarının birinin qarşısında bir nəfər rayon sakininə yaxınlaşaraq avtomobilin yük yerinə qoyduğu çantanı ondan tələb ediblər. Lakin sonuncu içərisində 7 000 manat civarında dəyəri olan qızıl-zinət əşyalarının olduğu çantanı onlara verməyərək, naməlum şəxslərə qarşı müqavimət göstərib. Bu zaman həmin şəxslər vətəndaşa xəsarət yetirməklə bərabər, avtomobilin şüşəsini qırıblar və hadisə yerindən qaçıblar. Onlar hadisəni törədən zaman üzlərinin tanınmaması üçün tibbi maskadan istifadə ediblər.
Faktla bağlı cinayət işi açılıb.