Yasamal rayonunda moped oğruları saxlanılıblar. Bu barədə 5 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, rayon ərazisində silsilə oğurluq hadisələri törədən şəxslər saxlanılıblar.
Müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus mopedləri oğurlayan dəstənin üzvləri – Ümid Hüseynzadə, Nurlan Hüseynov və Məhəmməd Əligülüzadə tutulublar. Onların təkcə Yasamal rayonunda ümumi dəyəri 12 min manata yaxın olan 5 ədəd moped oğurladıqları müəyyən edilib. Dəstə üzvləri oğurladıqları mopedləri paytaxt ərazisində müxtəlif şəxslərə günü 10-12 manata icarəyə verərək pul əldə ediblər.
Onların etdikləri oğurluqlar təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
“Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, "102" Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər”, - məlumatda bildirilib.