Noyabrın 30-dan Bakı metropoliteninin Qırmızı xəttinin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərinə başlanılır.
İnsanoid.com "Bakı Metropoliteni" QSC-yə istinadən xəbər verir ki, bu stansiyanın dalanı qatarların bir yoldan digərinə keçirilməsi, gecələməsi, baxış, xidmət, qulluq və kiçik həcmli təmir işləri üçün nəzərdə tutulmuş texniki sahədir.
Qeyd olunub ki, stansiyanın inşası 1981-1987-ci illərdə mühəndis-geoloji və hidrogeolojı tədqiqatlara görə aqressiv kimyəvi torpaq qatına malik ərazidə aparılıb. Sonrakı illərdə tikintinin dayandırılması, eləcə də ərazinin hidrogeoloji vəziyyətində kəskinliyin artması yol dalanında mövcud vəziyyətin yaranmasının əsas səbəbidir.
Təmir zamanı mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavası gücləndiriləcək. Dalan yollarının divar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağır geoloji şəraitdə erroziyanın təsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özül betonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasında yenidən qurulacaq.
Rabitə, işarəvermə, videomüşahidə, kommunikasiya, ünvanlı yanğın siqnalizasiya, su, kanalizasiya, havalandırma və digər sistemlər yenidən qurulacaq.
Layihəyə əsasən, dalan yolları dəmir-beton bloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit özül üzərində quraşdırılacaq.