Moskvada Sovet dövründən qalma kinoteatrlar yenidən qurularaq mədəni-istirahət mərkəzlərinə çevrilir.
İnsanoid.com xəbər verir ki, “Görüş Yeri” layihəsi çərçivəsində bərpa edilən kinoteatr binaları rayon mərkəzi kimi fəaliyyət göstərir və sakinlərə müxtəlif xidmətlər təqdim edir. Layihə 2014-cü ildən etibarən yerli “ADG group” şirkəti tərəfindən icra edilir.
Keçmiş “Bakı” kinoteatrının binası da yenidən qurularaq “Görüş Yeri Bakı” adını alıb. Bu mərkəz Moskvanın Aeroport rayonunda yerləşir və şəhərin 21-ci rayon mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzdə müxtəlif dərslər, mühazirələr, ustad dərsləri və digər mədəni fəaliyyətlər təşkil olunacaq. Bundan əlavə, ticarət obyektləri, kafe, restoran və fitnes-klub da fəaliyyət göstərəcək.
Eyni yanaşma ilə Bakıdakı köhnə kinoteatr binalarının da yenidən qurulması mümkündür. Bakının müxtəlif rayon və qəsəbələrində vaxtilə çoxsaylı kinoteatrlar mövcud idi. Onların bir qismi sökülüb, bəziləri isə istifadə olunmadan qalır. Bu binaların yenidən mədəniyyət və yaradıcılıq mərkəzlərinə çevrilməsi, mikrorayon sakinlərinin şəhər mərkəzinə getmədən yerli xidmətlərə çıxışını təmin edə bilər. Bu, həm vaxt, həm də maddi resurslara qənaət etməklə yanaşı, şəhərin mərkəzinin yüklənməsinin qarşısını alar.