Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar sessiyasının ikinci hissəsi yekunlaşıb.
İnsanoid.com xəbər verir ki, plenar iclasın davamında yeni iqlim hədəfi qəbul olunub. Belə ki, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul olunub.
Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına təmin olunacaq. Sənəd inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağırır.
Qeyd edək ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in 2023-cü ilin dekabrın 11-də keçirilən plenar iclasında verilib.